Sanksiyalar səbəbi ilə Rusiyadan Ermənistana kütləvi pul axını nəticəsində "sürətli iqtisadi inkişaf"la öyünən Nikol Paşinyana qarşı Kremlin cəza tədbirləri işə düşüb. Artıq Moskva İrəvanı iqtisadi cəhətdən boğmağa başlayıb.
"Yük maşınlarının sürücüləri və fermerlər bir neçə gündür Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarını ixrac edə bilmədiklərini bildirirlər", bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan Facebook səhifəsində yazıb.
“Gürcüstan bildirir ki, Rusiya tərəfi erməni yük maşınlarının ölkəyə girişini qadağan etmək qərarına gəlib. Erməni yük maşınları bir neçə gün dalbadal Gürcüstanda dayanaraq izahat gözləyir.
Bütün bunların nəticəsində istixana təsərrüfatlarına böyük ziyan dəyə bilər. Qarşıdakı aylarda isə ərik və digər meyvələrin mövsümü başlayanda kənd təsərrüfatının bu sahəsi tamamilə təhlükə altında ola bilər. Problemlə bağlı İqtisadiyyat Nazirliyinə və Dövlət Gəlirləri Komitəsinə sorğular göndərmişəm.
Ermənistan tərəfi məsələyə aydınlıq gətirməyi tələb etməli və problemin tezliklə həlli üçün bütün mümkün tədbirləri görməlidir”, - deyə deputat yazıb.